Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.

Vahid məktəbli geyimi ilə bağlı xəbərdarlıqda aşağıdakı nüanslar əksini tapıb:

– Nazirlər Kabinetinin 17.03.2022-ci il tarixli 96 nömrəli qərarına əsasən, ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir.

– Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən dörd nümunə geyim forması tekstil şirkətləri tərəfindən hazırlanır və satışı onlar tərəfindən təmin edilir.

– Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq dörd nümunədə geyim formasından birini seçib və bununla bağlı müvafiq qərar qəbul edib.

– Valideynlər övladlarının təhsil aldığı məktəb vasitəsilə məktəbli geyimi barədə ətraflı məlumatlandırılıblar.

 

 

– Məktəbli formalarını əldə etmək üçün müəyyən olunmuş məntəqələr barədə ictimaiyyətə geniş informasiya verilib, satış məntəqələrinin ünvanları qeyd edilib.

– Paytaxt ərazisində məktəbli formalarını əldə etmək üçün 34 məntəqə mövcuddur.

– Valideynlər özlərinə yaxın olan və ya özlərinin məsləhət bildikləri məntəqədən övladları üçün müvafiq geyimi əldə edə bilərlər.

– Valideynlər öz istəklərinə uyğun olaraq məktəbli geyimini sifarişlə tikdirə də bilərlər.

– Hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası tərəfindən seçilən müvafiq geyim forması ən azı üç tədris ili dəyişilməz qalacaq.

– Eyni görünüşə malik məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edir.

– Vahid geyim forması şagirdlərə məsuliyyət hissi aşılayır və məktəbin özünəməxsus təhsil mühitinin formalaşmasında mühüm amillərdəndir.