Məktəbin tarixiSchool History

Bakının elə  gözəl bir guşəsi var ki,oradan şəhər bir panaram kimi gözlərimiz önündə canlanır. Həmin yerdə dayanıb şəhəri seyr edən hər bir kəs ona əziz olan bir məkanı axtarır. Bu,  əziz,doğma məkan-məktəbdir.

6 saylı məktəb-liseyin hər bir məzunu bu məktəbin yetirməsi olduğu üçün fəxr edir. Bu məktəbin divarları arasında keçirdiyi günləri böyük iftixarla xatırlayır. Məktəbimizin məzunları Azərbaycanın gələcəyi üçün siyasət,incəsənət,tibb sahələrində çalışan insanları yetişdirən  müəllimləri heç vaxt unutmurlar.

Son on il ərzində məktəb üç dəfə öz görünüşünü dəyişib. Hal-hazırda isə ən müasir texnologiyalarla zənginləşmiş bir ocağa çevrilmişdir. Məktəbin köhnə binası isə artıq tarixə dönüb.

Məktəbin ilk binasının əsasının qoyulmasında Z.Tağıyevin də  rolu böyükdür. Məktəb keçən əsrin əvvəlində şəhərin qabaqcıl, Avropa standartlarına uyğun olan bir elm ocağı sayılırdı.   Rəsmi mənbələrdə   1910-cu ildə   Lebedinski   döngəsi    2  ünvanında iki məktəbin yerləşdiyi deyilir –Lermontov və rus- tatar məktəbi.   Məktəbə M.Mahmudbəyov rəhbərlik etmişdir. Sonralar Lermontov adına məktəb Bakı şəhəri Voroşilov rayonunun 6 nömrəli məktəbi adlandırılmışdır.

II Dünya müharibəsi zamanı məktəbin binasından hospital kimi istifadə olunmuşdur.  Müharibədən dərhal sonra bina yenə də məktəbə verilmiş, lakin artıq oğlanlar üçün məktəb kimi fəaliyyət göstərmişdir.

60 –cı illərdə məktəb “6 nömrəli idman məktəbi”  kimi tanınmışdı. Məktəbdə idmana xüsusi diqqət verilirdi. Bu işdə məktəbin idman müəllimi L. E. Yurfildin  böyük rolu olub.

Akademik T. İsmayılovun və fizika müəllimi A. M. Şlimakın rəhbərliyi altında muzeydə nadir eksponatlarla bərabər, şagirdlərinin  öz əlləri ilə düzəltdiyi  eksponatlar da nümayiş etdirilmişdir.

Əvvəllər məktəbdə təlim yalnız rus dilində aparılırdı. 1992-ci ildən başlayaraq təlim həm Azərbaycan, həm də rus dilində aparılır.

Keçən illər ərzində məktəbin direktorları dəyişmişdir. Lakin onların hər biri ölkənin qabaqcıl müəllimləri kimi məktəbin tarixində iz qoyublar.

Məktəb həmişə öz adlı-sanlı məzunları ilə fəxr edib. Qürur hissi ilə qeyd etməliyik ki, Respublikamızın Prezidenti  İlham Əliyev bu məktəbin yetirməsidir.                                                                                                                  1977-ci ildə  orta məktəbin buraxılış gecəsində o illərdə  Azərbaycan  Kommunist Partiyasının birinci katibi H.Əliyev iştirak etmişdir. Bir çox illər sonra,  2001-ci il sentyabr ayında təkrar olaraq məktəbdə olan  ulu öndərimiz H.Əliyev  vaxtı ilə oğluna dərs deyən  müəllimlərə  minnətdarlığını bildirmişdir. Heydər Əliyev demişdir: “ Mən inanıram ki, 6 nömrəli məktəb  həmişə Azərbaycanın nümunəvi,milli  məktəblərindən biri olaraq qalacaq”.

2008 və 2013- cü illərdə məktəb  “İlin ən yaxşı məktəbi” adını qazanmaqla Respublikamızın ən qabaqcıl məktəblərdən biri olduğunu sübut etmişdi.

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə köhnə məktəb binası sökülmüş və onun yerində yeni bir bina inşa edilmişdir.                                   Tikilmiş  bina tarixin yeni səhifəsi olacaq.

Əziz məzunlar!

Bu müraciət  hər birinizə və hamımıza ünvanlanıb.

Məktəb illəri…… Kim o qayğısız,xoşbəxt günlərə qayıtmaq istəməzdi?

Zənglər,tənəffüslər, sevimli müəllimlərimizin dərsi, sinif yoldaşlarımız, sevimli fənlərimiz….. xatirələr!

Biz  sizi müəyyən qədər olsa da, o qayğısız, xoşbəxt  illərə qaytarmaq  üçün 6 nömrəli məktəbin  muzey-arxivini  yaratmaq istəyirik.  Bizim sizin köməyinizə ehtiyacımız var. Siz bizim  yerləşdirdiyimiz ünvana şəkillər, video və başqa materiallar göndərməklə bizə   kömək etmiş  olacaqsınız. Bu materiallar bizim məktəbin muzeyinin  fondunu təşkil edəcək.

6 saylı məktəbin  muzey-arxivinin  yaradılmasında iştirak edənlərə əvvəlcədən təşəkkürümüzü bildiririk.

  • Arxiv sənədləri