Lisey haqqında
Tofiq İsmayılov adına 6 saylı məktəb-lisey Səbail rayonunda yerləşir.
Dəqiq açılış zamanı bəlli olmasa da, məktəbin 110 illik bir tarixə malik olması məlumdur.
Г formasında bir-biri ilə birləşmiş 2 korpusdan ibarət olan məktəb haqqında ilk məlumata XX əsrin əvvəllərində rast gəlinir. Bakı şəhər hökumətinin rəsmi sənədlərində bildirilir ki, 1910-cu ildə Lebedinski 2-də (sonralar 2-ci Çkalovski zolağında) bir yox, eyni anda iki məktəb var idi: bir binada 2-ci Turgenev (rus) kişi məktəbi və digər binada M.Mahmudbəyovun rəhbərlik etdiyi 3-cü rus-tatar məktəbi. 1924-cü ildən Turgenev məktəbi rus-tatar məktəbini özünə birləşdirmiş və Bakının Voroşilov rayonunun 6 saylı birinci kateqoriyalı kişi orta məktəbi kimi tanınmağa başlamışdır.
İkinci Dünya Müharibəsi illərində məktəb binasında 1132 saylı xəstəxana yerləşirdi və müharibədən sonra bina yenidən məktəbə çevrildi. 1943-cü ildən 1954-cü ilə qədər yalnız kişilərin təhsil aldığı məktəb, sonralar kişilərlə birgə qızların da oxuduğu təhsil ocağına çevrildi. 1991-ci il 20 noyabrda baş vermiş faciəvi hadisələrdən sonra Azərbaycan Milli Aerokosmik Agentliyinin yaradıcısı, 6 nömrəli məktəbin böyük dostu olmuş insanın şərəfinə məktəb Tofiq İsmayılovun adını daşımağa başlayıb. Məktəbin binası bir neçə dəfə yenidən qurulub.
2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəb binası sökülərək yenidən inşa edilmişdir. 2011-ci il sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açılışda iştirak etmişdir.https://president.az/az/articles/view/3096
Məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindədir. 6 saylı məktəb ölkədə hər üç səviyyə üzrə IB akkreditasiyasını almış yeganə dövlət məktəbidir. Təlim üç dildə – Azərbaycan, rus və ingilis dillərində aparılır. Məktəbdə məktəbəqədər hazırlıq sinifləri də var. Bu tədris müəssisəsində təhsilin hər üç səviyyəsi üçün siniflər mövcuddur: ibtidai, orta və tam təhsil.
İbtidai siniflər də İB sistemində akkreditasiyadan keçir və ibtidai siniflərdə təhsil həm Milli Kurikulum proqramına, həm də İB proqramına uyğun olaraq inteqrasiya olunmuş şəkildə həyata keçirilir.
Məktəbin işində əsas prioritet: şagirdlərin, müəllimlərin və valideynlərin məmnunluğuna nail olmaqdır.
6 saylı məktəb-liseydə peşəkar müəllimlər çalışır. Onların arasında 4 nəfər elmlər doktoru,
8 nəfər “Əməkdar müəllim” vardır. Məktəbin müəllimlərindən 6 nəfər “Tərəqqi” medalı ilə təltif edilmiş, 10 nəfər “İlin müəllimi” müsabiqəsinin qalibi olmuş, 10 nəfəri isə “Qabaqcıl müəllim” adına layiq görülmüşdür.
Məktəb kollektivi Azərbaycan xalqının yaradıcı düşünməyi və öz fikrini sübut etməyi, tədqiqatlar aparmağı , həyatın qarşısına qoyacağı hər hansı problemləri həll etməyi bacaran layiqli nümayəndələrinin yetişdirilməsi istiqamətində yorulmadan çalışır.
Məktəb 2007-2008 və 2012-2013-cü tədris illərində “İlin ən yaxşı məktəbi” adına layiq görülüb.
Məktəb müəllimləri müxtəlif yerli və beynəlxalq təlimlərdə, konfrans və seminarlarda fəal iştirak edirlər. Məktəbdə tələbələrə müxtəlif müsabiqə və layihələrdə iştirak hüququ verən “Kiçik Akademiya” fəaliyyət göstərir. Şagirdlərin yaradıcı inkişafı üçün davamlı iş aparılır.
Məktəbin Şən və Hazırcavablar Klubu komandası dəfələrlə kubokun qalibi olub.