Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Vətən müharibəsinin başladığı günün xalqımızın yaddaşında əbədi yaşadılması məqsədilə həmin günün “Anım Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Bu məqsədlə 2020-ci il 2 dekabr tarixində Prezident İlham Əliyev Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Hər il sentyabrın 27-də ölkəmizin hər yerində Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilir.

Anım Günü ilə əlaqədar liseydə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbirdə çıxış edən liseyin direktoru Gülşən xanım Orucova Anım Gününün xalqımız üçün böyük mənəvi əhəmiyyət daşıdığını vurğulayaraq qeyd etmişdir:

“Biz Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mərd və mübariz oğul və qızlarının göstərdiyi misilsiz qəhrəmanlığı yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna sonsuz ehtiram bəsləyir, onların xatirəsini daim uca tuturuq. Azərbaycan əsgəri Vətən müharibəsində böyük şücaət göstərərək torpaqlarımızı işğaldan azad etmiş, üçrəngli bayrağımızı doğma yurdlarımızda qürurla dalğalandırmışdır. Dövlətimizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaqdır. Onların qəhrəmanlığı gələcək nəsillər üçün vətənpərvərlik nümunəsidir.”

Daha sonra tədbir şagirdlərin hazırladıqları bədii-kompozisiya ilə davam etmişdir. Liseyin 7–9-cu sinif şagirdləri Vətənə, şəhidlərə və qəhrəmanlıq ruhuna həsr olunmuş şeirlər səsləndirmiş, vətənpərvərlik mövzusunda səhnəciklər təqdim etmişlər. Şagirdlərin hazırladığı təsirli fleşmob iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, tədbirə xüsusi rəng qatmışdır.

Tədbirin sonunda şəhidlərimizin əziz xatirəsi bir daha ehtiramla yad edilmiş, onların qəhrəmanlığının heç vaxt unudulmayacağı vurğulanmışdır. Qeyd olunmuşdur ki, xalqımızın qazandığı şanlı Zəfər məhz şəhidlərimizin qanı, qazilərimizin şücaəti və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində mümkün olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir