Tədris digər dillərdə aparılan siniflər üçün məktəb və müəllim seçiminin tarixi

13 iyun saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə tədris digər dillərdə aparılan siniflər üçün məktəb və müəllim seçiminə başlanılacaq. Belə ki, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibədən uğurla keçən uşaqlar üçün valideynləri tərəfindən qeyd edilən tarixdən məktəb və müəllim seçiminə dair sorğular yerləşdirilə bilər.   Həmin tarixdən rus bölməsi üzrə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə qəbulla bağlı prioritetlər üzrə məktəb seçimi və prioritetlər üzrə üstünlüyə malik olmayanlar üçün müsabiqəyə yazılma (Bakı Avropa liseyi,  Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi də daxil olmaqla) prosesinə də başlanılacaq.   20 iyun saat 18:00-da isə rus bölməsi üzrə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə müsabiqəyə yazılma prosesi bitir. 21-30 iyun tarixlərində də müsabiqələrin keçirilməsi planlaşdırılır. 5 iyul saat 11:00-dan etibarən isə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçim etmiş və müsabiqədən uğurla keçən uşaqlar üçün müəllim seçiminin aparılması prosesinə başlanılacaq.

11/06/2022 12:46

“Abituriyent” jurnalının 12-ci nömrəsinin təqdimatı keçirilib

İyunun 10-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2021-2022-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilini əks etdirən “Abituriyent” jurnalının 12-ci nömrəsinin təqdimat mərasimi keçirilib.   Tədbir iştirakçıları əvvəlcə DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. Daha sonra “Abituriyent” jurnalının nəşrlərinə dair sərgiyə baxış keçirilib.   Əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, aparılan elmi-statistik təhlillər ölkə təhsilindəki müsbət təmayülləri üzə çıxarır, eyni zamanda təhsildəki problem və çatışmazlıqları da göstərir, onların aradan qaldırılması ilə bağlı müvafiq təklif və tövsiyələr irəli sürür.   Daha sonra Sədr əsas buraxılış imtahanı fənləri üzrə bəzi statistik göstəriciləri diqqətə çatdırıb, DİM və dövlət orqanları arasında inteqrasiya əsasında fəaliyyət məsələlərinə toxunub, Mərkəzin yeni elektron xidmətləri haqqında məlumat verib.   Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev cəmiyyətin tərəqqisində təhsilin vacib rolundan və bu sahənin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb. Təhsil naziri ötən 10 il ərzində təhsilin bütün səviyyə və pillələri üzrə əlçatanlığın artdığını, 60 faizdən çox gəncin dövlət sifarişli yerlərdə təhsil hüququ əldə etdiyini qeyd edib.   Son illər bölgələrdə istedadlı gənclər üçün yaradılan liseylərin fəaliyyəti, beynəlxalq qiymətləndirmə çərçivəsi və Azərbaycanın iştirak səviyyəsi kimi mövzularda fikirlərini diqqətə çatdıran Emin Əmrullayev  deyib ki, “Abituriyent” 12 jurnalı təhsil sahəsində müzakirə aparmaq üçün əvəzsiz mənbədir.   Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxışında aparılan elmi-statistik təhlillərin əhəmiyyəti, ali təhsil müəssisələrinə qəbul prosesi və təhsilin müasir problemlərindən bəhs edib. Tədbirin rəsmi hissəsindən sonra qonaqlar Mərkəzin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması sektorunun müdiri Aydın Qasımov, Elektron imtahanların təşkili sektorunun müdiri Tural Dünyamalıyev və Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin müdiri Pərviz Kazımov tərəfindən edilən təqdimatlar vasitəsilə yazı işlərinin elektron yoxlanılması, onlayn apellyasiyaların təşkili və DİM tərəfindən təklif olunan psixoloji xidmətlər barədə məlumatlar əldə ediblər.   Sonda mövzu ətrafında müzakirələr aparılıb.   Jurnalın elektron versiyasını DİM-in saytında Fəaliyyət/Təqiqat (https://dim.gov.az/activities/research/statistika/) bölməsindən əldə edə bilərsiniz.  

10/06/2022 16:33

Tələbə və gənclər üçün “Uğurlu layihələrin yazılması və icrası” adlı təlim proqramı başlayır

4 – 8 iyul tarixlərində bakalavriat (III və IV kurs) və magistratura səviyyəsində təhsil alan tələbələr, yeni məzun olmuş şəxslər və gənc peşəkarlar üçün “Uğurlu layihələrin yazılması və icrası” mövzusunda qısamüddətli təlim kursu təşkil ediləcək. Təlim “BİR” Könüllü Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “Sustainera Consulting Services” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.   Təlim kursunun əsas məqsədi iştirakçıların peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi, layihələrin hazırlanması və idarə olunması, donorlarla əlaqələrin qurulması, fandreyzinq imkanlarının artırılması və müvafiq istiqamətlərdə praktiki addımların atılmasına dair geniş məlumat təqdim etməkdən ibarətdir.   Proqramda iştirak üçün bakalavriat (III və IV kurs) və magistratura səviyyəsində təhsil alan tələbələr, yeni məzun olmuş şəxslər və gənc peşəkarlar, sosial ictimai və təhsilyönümlü layihələrin həyata keçirilməsinə təcrübəsi və marağı olan fəal gənclər, ingilis dili, araşdırma, təhlil, akademik yazı və öyrənmə bacarıqları olan və qeyd edilən tarixlərdə təlimlərdə iştirak imkanı olan gənclər, yay tətilini daha səmərəli keçirərək, bilik və bacarıqlarını artırmaqla yeni iş imkanlarına açıq olan gənclər müraciət edə bilərlər.   Təlim proqramında iştirak etmək arzusunda olan şəxslər 26 iyun tarixinədək müvafiq link (https://forms.gle/C1Zdocxxx67aRds4A)  üzərindən qeydiyyatdan keçə bilərlər.   Proqram çərçivəsində peşəkar təlimçilər tərəfindən aşağıdakı mövzular üzrə seminarlar təşkil olunacaq: Tədqiqat metodları və təhlil; Layihə təkliflərinin hazırlanması: layihənin hədəf aldığı problem və onun əsaslandırılması (problem tree) necə tərtib edilir? Məntiqi Çərçivə Matriksi (LogFrame) hazırlanması; Layihənin “həyat dövrü” və layihə menecmentinin əsasları; Layihə təklifinin inkişafı: kommunikasiya və layihə barədə məlumatlandırma (visibility) strategiyaları; Monitorinq və qiymətləndirmə, hesabatların hazırlanması; Humanitar, sosial və təhsil istiqamətli layihələr üçün mövcud maliyyə imkanları, resurslar və alətlər; Yerli və beynəlxalq fandreyzinq (maliyyələşmə) imkanlarının artırılması. Proqram çərçivəsində təşkil ediləcək “layihə inkubatoru” simulyasiya məşğələsi zamanı iştirakçılar real layihə təklifi hazırlayaraq qrant müsabiqələrinə müraciət prosesinin bütün mərhələləri üzrə təcrübə əldə edəcəklər. Təlim proqramını uğurla bitirən iştirakçılar layihə idarəetməsi qısamüddətli təcrübə proqramına cəlb olunacaq, daha sonra müvafiq iş imkanları əldə edəcəklər.   Qeyd edək ki, təlim proqramı tamamilə ödənişsiz əsaslarla təşkil olunur.

10/06/2022 15:40

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir