Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi, yeniyetmə və gənclərin sağlam həyat tərzinə təşviq olunması məqsədilə liseydə Səbail Rayon Polis İdarəsinin əməkdaşları ilə yuxarı sinif şagirdlərinin görüşü keçirilmişdir.
Tədbirdə çıxış edən polis əməkdaşları narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və cəmiyyətə vurduğu ağır zərərlər haqqında ətraflı məlumat vermiş, narkomaniyanın yaratdığı sosial problemlərdən bəhs etmişlər. Bildirilmişdir ki, narkotik vasitələrin istifadəsi insanın sağlamlığını məhv etməklə yanaşı, onun təhsilinə, gələcək karyerasına və ailə həyatına da mənfi təsir göstərir.
Görüş zamanı şagirdlərə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri barədə məlumat verilmiş, onları zərərli vərdişlərdən uzaq durmağa, asudə vaxtlarını səmərəli keçirməyə, idman və digər faydalı fəaliyyətlərlə məşğul olmağa çağırmışlar.
Tədbirdə vurğulanmışdır ki, narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işləri mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə məktəb, ailə və hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti xüsusi rol oynayır. Şagirdlər mövzu ilə bağlı onları maraqlandıran sualları səsləndirmiş, polis əməkdaşları tərəfindən suallar ətraflı şəkildə cavablandırılmışdır.
Görüşün keçirilməsində əsas məqsəd gənc nəslin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların hüquqi biliklərinin artırılması, zərərli vərdişlərin yaratdığı təhlükələr barədə məlumatlandırılması və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə ictimai fəallığın gücləndirilməsindən ibarət olmuşdur.
Tədbirin sonunda şagirdlərə sağlam həyat tərzinin üstünlükləri bir daha xatırladılmış, onların gələcəkdə cəmiyyət üçün faydalı vətəndaş kimi formalaşmasının vacibliyi qeyd edilmişdir.






