Məktəbimizdə “Son zəng” tədbiri keçirildi

Bu gün məktəbimizdə XI sinif məzunlarının həyatında unudulmaz və əlamətdar günlərdən biri olan “Son zəng” tədbiri böyük coşqu və qürur hissi ilə qeyd olundu. Tədbirdə müəllimlər, valideynlər, məzunlar və fəxri qonaqlar iştirak etdilər.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Çıxış edənlər məzunları bu əlamətdar gün münasibətilə təbrik edərək onlara gələcək həyatlarında uğurlar, yüksək nailiyyətlər və Vətənə layiqli vətəndaş olmağı arzuladılar.

Tədbirin fəxri qonaqları sırasında Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov da iştirak edirdi. Nazir müavini məzunlara müraciət edərək bildirdi:

“Biz arzu edərdik ki, gələcəyimizi təmin edən siz məzunlar ölkəmizin gələcək uğurlu inkişafını da təmin edəsiniz.”

Bu dəyərli fikirlər məzunlar üçün həm böyük etimadın, həm də gələcək fəaliyyətlərində daşıyacaqları məsuliyyətin ifadəsi kimi böyük rəğbətlə qarşılandı.

Tədbir çərçivəsində şagirdlərin hazırladıqları bədii kompozisiyalar, musiqi nömrələri və rəqs çıxışları təqdim olundu. Məzunlar müəllimlərinə və valideynlərinə göstərdikləri qayğı, dəstək və əvəzsiz zəhmətə görə dərin minnətdarlıqlarını ifadə etdilər.

Sonda məktəbdə son dəfə çalınan zəng məzunların yeni həyata qədəm qoymasının rəmzinə çevrildi. Onlar doğma məktəbləri ilə vidalaşaraq gələcəyə böyük ümid, inam və yüksək məqsədlərlə addımladılar.

Məktəb kollektivi adından bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara ali məktəblərə qəbul imtahanlarında uğurlar, gələcək həyatlarında möhkəm iradə, sağlamlıq və yeni nailiyyətlər arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir