Liseyimizin gənc istedadları beynəlxalq incəsənət sərgilərində Azərbaycanı təmsil ediblər!

Tofiq İsmayılov adına 6 nömrəli liseyin şagirdləri Gülşən Orucova, Nərgiz Hacısoy, Nigar Hacısoy, Məryəm Qurbanlı və Əlif İbrahimova Fransanın paytaxtı Parisdə keçirilən beynəlxalq incəsənət sərgilərində iştirak edərək liseyimizə qürur hissi yaşadıblar.

🎨 23–25 oktyabr 2026-cı il tarixlərində Parisin məşhur Carrousel du Louvre sərgi məkanında təşkil olunan 39-cu “Art Shopping Paris” beynəlxalq incəsənət sərgisində şagirdlərimizin yaradıcılıq nümunələri nümayiş olunub.

Dünyanın müxtəlif ölkələrindən rəssamları və sənətsevərləri bir araya gətirən bu mötəbər tədbir gənc istedadlarımız üçün öz yaradıcılıq bacarıqlarını beynəlxalq auditoriyaya təqdim etmək və yeni təcrübə qazanmaq baxımından əhəmiyyətli fürsət olub.

🔗 Art Shopping Paris – sərginin rəsmi internet səhifəsi

🇦🇿 “Azərbaycan uşaqlarının gözü ilə” – milli mədəniyyətimizin Parisdə təqdimatı

Şagirdlərimiz, həmçinin Azərbaycanın Fransadakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunan “Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisində iştirak ediblər.

Fransa-Azərbaycan Dialoqu Assosiasiyası və “Little Artists” Rəssamlıq Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə 53 gənc rəssamın əsərləri nümayiş etdirilib.

Rəsm əsərlərində Vətən sevgisi, milli-mənəvi dəyərlərimiz, Azərbaycanın təbiəti və uşaqların zəngin təxəyyülü öz əksini tapıb.

Tədbirdə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva iştirak edərək gənc rəssamların yaradıcılığını yüksək qiymətləndirib. Sərgi çərçivəsində gənc iştirakçılara sertifikatlar təqdim olunub.

Bu əlamətdar mədəniyyət hadisəsi Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi informasiya resurslarında da işıqlandırılıb.

🔗 Azərbaycan Respublikasının Fransadakı Səfirliyi – “Parisdə sərgi: Azərbaycan uşaqlarının gözü ilə”

🔗 Diasporla İş üzrə Dövlət Komitəsi – “Parisdə uşaqların yaradıcılığı ilə Azərbaycanı tanıdan sərgi”

🌟 Liseyimizin qüruru – istedadlı şagirdlərimiz!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir